Gənclərin hərbçilərlə növbəti görüşü

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə hərbi hissələrdən daha birində zabit və əsgərlərimizlə görüş keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi hissənin zabiti Cəbrayıl Nəbiyev tədbirdə çıxışı zamanı dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri barədə fikirlərini bölüşüb.

Gənc nəslin vətənpərvər ruhda böyüməsi, azərbaycançılıq ideologiyasına, milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasının gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu deyən nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva əlavə edib ki, təmsil etdiyi qurum tərəfindən aidiyyəti təşkilatlarla birgə bu istiqamətdə müxtəlif layihələr reallaşdırılır, tədbirlər planının icrası uğurla davam etdirilir.

İştirakçılar tədbirin proqramı və təhlükəsizlik qaydaları barədə məlumatlandırıldıqdan sonra, təyin olunmuş ərazilərə doğru hərəkət ediblər. Gənclər hərbi hissənin şəxsi heyətinin xidməti şəraiti ilə tanış olublar. Burada yaradılan Heydər Əliyev guşəsi ziyarət olunub, hərbi silah və texnikaların nümayişi reallaşıb. Hərbi hissə ilə tanışlığın ardından gənclərimiz əsgərlərlə birgə nahar ediblər.

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

 

 https://nmys.gov.az/storage/news/June2023/43.JPG